Bioqrafiya

Verdiyev İmran Cahangir oğlu 1959-cu ildə Azərbaycan SSR-in Şəmkir rayonunda anadan olmuşdur. 1985-ci ildə Kuybışev enerjiquraşdırma texnikumunu bitirmişdir. İş fəaliyyətinə 1980-ci ildə «Xüsusihidroenerjiquraşdırma» Ümumittifaq Trestinin Zaqafqaziya montaj idarəsində montajçı olaraq başlamışdır. Gürcüstanda İnquri SES (1980-1981), Smolensk AES və Dnepr-Donbassda iş zamanı nasos stansiyaların qurulması, 3000mm diametrli metal su boru xətlərinin çəkilişinin ikinci mərhələsi (1981-1982), Azərbaycanda Şəmkir SES (1982-1983), Gürcüstan İnquri HES və Jinvali HES (1983-1984), Zaqorski HES (1984-1985), Litva SSR-də Kaunas HES (1985-1986), Kursk AES-də montaj işləri (1986-1987) kimi stansiyaların tikilişində hidroaqreqatların montajçısı kimi fəaliyyət göstərmişdir. 1988-ci ildən 1992-ci ilə qədər Yenikənd montaj sahəsində rəis, daha sonra isə Zaqafqaziya montaj idarəsi filialında rəis olmuşdur. 1992-ci ildən Azərbaycan «Xüsusihidroenerjiquraşdırma» Səhmdar Cəmiyyətinin baş direktorudur. Yenikənd, Mingəçevir və Şəmkir SES-lərin hidroaqreqatlarının, Şəmkir kanalının nasos avadanlıqlarının montajına və tam təmirinə, Samur-Abşeron kanalı və Bakı şəhərinin körpülərinin metal konstruksiyaları üçün hidromexaniki avadanlıqların montajına rəhbərlik etmişdir. «Xüsusihidroenerjiquraşdırma» trestinin fəxri montajçısıdır (2007). 2012-ci ildə Rusiya dövləti tərəfindən Hidroenerji Quraşdırma idarəsinin 70 illiyi qeyd olundu. Trestin rəhbərliyi tərəfindən energetika sahəsində xidmətlərinə görə İmran Verdiyev Qızıl medalla təltif olunmuşdur.